Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu SSRİ EA-nın Azərbaycan filialı nəzdində 1935-ci ildə təşkil edilmiş İqtisadiyyat və Coğrafiya, Azərbaycan SSR Nazirlər Sovetinin 14 Aprel 1958-ci il tarixli 243 saylı qərarı ilə Azərbaycan EA nəzdində 1945-ci ildən fəaliyyət göstərmiş İqtisadiyyat sektorunun bazası əsasında yaradılmışdır. Həmin vaxt İnstitutda 5 şöbə fəaliyyət göstərmiş və 54 nəfər əməkdaş (o cümlədən 1 nəfər professor, 1 nəfər elmlər doktoru, 13 nəfər elmlər namizədi) çalışmışdır.
Hazırda İnstitutda 11 şöbə
«Siyasi-İqtisadi tədqiqatlar və iqtisadi fikir tarixi»;
«Aqrar münasibətlər»;
«Xarici iqtisadi əlaqələr»;
«Əhalisakinliyi və demoqrafiyanın sosial-iqtisadi problemləri»;
«Əmək bazarı və məşğulluğun sosial-iqtisadi problemləri»;
«Sosial siyasət və həyat səviyyəsinin sosial-iqtisadi problemləri»;
«Struktur dəyişiklikləri problemləri»;
«Sənaye və investisiya siyasəti problemləri»;
«Regionların kompleks sosial-iqtisadi inkişaf problemləri»;
«Milli sahibkarlığın inkişaf problemləri»;
«Maliyyə və vergi problemləri»
və 4 sektor
«Strateji siyasi-iqtisadi tədqiqatlar»;
«Demoqrafiya və iş qüvvəsinin təkrar istehsalı problemləri»;
«Struktur dəyişiklikləri, sənaye və investisiya siyasəti problemləri»;
«Regional iqtisadiyyat və milli sahibkarlığın inkişaf problemləri»
və «Elmi informasiya» qrupu fəaliyyət göstərir.
İnstitutda 156 nəfər əməkdaş çalışır. Onlardan 1 nəfər Azərbaycan MEA-nın həqiqi üzvü, 2 nəfər AMEA-nın müxbir üzvü, 14 nəfər elmlər doktoru, 35 nəfər isə elmlər namizədidir. İnstitutun əməkdaşlarının iki nəfəri əməkdar elm xadimi, 1 nəfər əməkdar mədəniyyət işçisi, 1 nəfərinə əməkdar iqtisadçı fəxri adları verilmişdir.
İnstitutun əsas elmi istiqaməti Azərbaycanın Müstəqil Milli İqtisadiyyatının formalaşdırılmasının sosial-iqtisadi problemlərinin tədqiqi olub, müasir iqtisadiyyatının mühüm aspektlərinin həllinə yönəldilmişdir.
İndiyədək institutda 61 doktorluq və 641 namizədlik dissertasiyası müdafiə olunmuşdur. 1500-dən çox monoqrafiya və kitab nəşr edilmiş, 250-dən çox elmi təhriri məruzə hazırlanıb direktiv orqanlara və müvafiq təşkilatlara tətbiq edilmək üçün təqdim edilmiş və onların əksəriyyəti elmi ictimaiyyət, dövlət və hökumət orqanları tərəfindən yüksək qiymətləndirilmişdir.